REGİONLAR
Qəbələdə Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb
Qəbələ, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Müzəffər Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsində Qəbələ rayonunun igid oğulları da mərdliklə vuruşaraq tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Qəbələ rayonunda da daim uca tutulur, hər zaman ehtiramla anılır.
Qəbələ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanında ümumrayon anım tədbiri keçirilib.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Birinci Qarabağ və Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər xiyabanı kompleksini ziyarət edərək, məzarlara və xatirə lövhələrinin qarşısına gül dəstələri düzüblər. Sonda tədbir iştirakçıları şəhid ailələrinin üzvləri və qazilərlə birgə xatirə şəkli çəkdiriblər.
Anım Günü ilə əlaqədar rayonda fəaliyyət göstərən bütün məscid və kilsələrdə şəhidlərin ruhuna dualar oxunub.
Bütün ölkə ərazisində olduğu kimi, Qəbələ rayonunda da saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım Günü ilə əlaqədar sentyabrın 27-də rayonda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası da keçirilib. Aksiya çərçivəsində xüsusi ayrılmış ərazidə 400 ədəd ağac əkilib.