Qəbələli uşaqlara “Qış nağılı” tamaşası təqdim olunub
Qəbələ, 30 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunan silsilə tədbirlər bir neçə gündür davam edir. Böyüklərlə yanaşı, uşaqlar da Yeni ilin gəlişini böyük səbirsizliklə gözləyirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar bayramlar ərəfəsində Qəbələ rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq Teatrının nəzdində yaradılmış “Şəms” uşaq teatrı pərəstişkarlarına “Qış nağılı” adlı tamaşa təqdim edib.
Teatrın həvəskar aktyorlarının məharətlə canlandırdıqları Yeni ilin personajları olan Şaxta baba və Qar qız, həmçinin müxtəlif nağıl qəhrəmanları uşaqların böyük sevinc və marağına səbəb olub.