Qərbi Kaspi Universitetinin Texnoparkı yeni əməkdaşlıq platformasında
Bakı, 2 aprel, AZƏRTAC
Qərbi Kaspi Universitetinin Texnoparkı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə keçirilən “Biznes-inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda tədbirdə iştirak edib. Tədbirdə ölkədə fəaliyyət göstərən texnoparklar, biznes-inkubasiya mərkəzləri və digər bu kimi müəssisələrin əlaqələrinin qurulmasını nəzərdə tutan memorandum imzalanıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu sahədə görülmüş işlər barədə məlumat verib və əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Bildirilib ki, əməkdaşlıq ölkədə sahibkarlıq fəaliyyətinin inkişafına dəstək məqsədilə fəaliyyət göstərən müəssisələrin bundan sonra əlaqəli çalışması, biznes layihələrin istiqamətlərinə görə lazım gələrsə tərəfdaş müəssisələrə ötürülməsi, təcrübə mübadiləsini və digər bu kimi əlaqələrin inkişaf etdirilməsini özündə ehtiva edir.
Daha sonra biznes inkubatorların və startapların nümayəndələri fəaliyyətləri, həyata keçirilən innovativ layihələr və yeni biznes imkanları barədə danışıb, tədbirin biznes inkubatorları arasında əməkdaşlığın genişləndirilməsi, eyni zamanda, startaplar tərəfindən reallaşdırılan innovativ layihələrə potensial investorların cəlb olunması baxımından önəmini qeyd ediblər.
Qərbi Kaspi Universiteti Texnoparkı tədbirdə üç startap layihə ilə (“Parking APP”, “Vooby”, “My task”) təmsil olunub. Onlardan biri universitetin tələbəsinin, digər ikisi isə universitetin mütəxəssislərinin mentorluğu ilə məktəblilər tərəfindən hazırlanmış layihələrdir.
Sonda 18 biznes inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb.
Qeyd edək ki, Qərbi Kaspi Universitetinin Texnoparkında Biznes-İnkubasiya Mərkəzi, Texnoloji Transfer Ofisi, mexatronika və robototexnika laboratoriyası, İdeya Bankı və başqa mərkəzlər fəaliyyət göstərir.
Texnoparkdan sərbəst istifadə imkanı yaradılıb. Belə ki, ideyası olan tələbələr və şagirdlər texnoparka müraciət edərək dəstək ala bilirlər. Texnopark orta məktəb şagirdlərini də müxtəlif layihələrə, praktik çalışmalara cəlb edir.
Texnoparkda fəaliyyət göstərən mexatronika və robototexnika laboratoriyasında isə təşəbbüskar mühəndislər hazırlamaq istədikləri robotların və digər bu kimi layihələrin reallaşdırılması üçün lazım olan bütün avadanlıq və materiallarla təmin ediliblər.
Texnopark ideyaların reallaşdırılmasına dəstək verməklə yanaşı, tələbələrdə praktik düşünmə, eləcə də mühəndis təxəyyülünün formalaşmasına xidmət edir.