Qətər Dövlətinin Mədəniyyət Nazirliyinin nümayəndəsi AZƏRTAC-ın stendini ziyarət edib
Bakı, 6 oktyabr, AZƏRTAC
X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etdiyimiz üçün çox şadıq. Biz bu sərgidə ikinci dəfədir iştirak edirik. Bu iştirakımız Azərbaycan və Qətər əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.
Bunu X Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendini ziyarət edən Qətər Dövlətinin Mədəniyyət Nazirliyinin nümayəndəsi Əhməd əl-Emadi AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.
“Biz buraya gələndə müəyyən kitabları iki ölkənin dilində qarşılıqlı olaraq tərcümə etməyi planlaşdırmışıq. Düşünürəm ki, bu, iki ölkə arasında mədəni əlaqələrin inkişafında böyük rol oynayacaq. Biz ərəb dilində olan kitabları bu sərgi vasitəsilə ölkənizdə tanıtmağa və təbliğ etməyə, həmçinin Azərbaycan mədəniyyətinin Qətərdə tanıdılması üçün bir körpü rolunu oynamağa çalışırıq”, - deyə Əhməd əl-Emadi qeyd edib.
Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.