ELM VƏ TƏHSİL
Qeyri-formal və informal təhsilin tanınması üzrə Türkiyə təcrübəsi öyrənilir
Bakı, 3 iyun, AZƏRTAC
Qeyri-formal və informal təhsilin tanınması fəaliyyəti üzrə xarici ölkələrin bu sahədəki metodoloji və hüquqi təcrübəsinin öyrənilməsi, habelə gələcəkdə tətbiqi istiqamətində mühüm addımların atılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin üzvü, Kvalifikasiyaların tanınması departamentinin direktoru Nicat Əsədli, həmin departamentin Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrindən ibarət heyət Türkiyə Cümhuriyyətinin Ankara şəhərində 4 (dörd) günlük işgüzar səfərdə olublar.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib.
Türkiyənin Peşə İxtisası İnstitutunun rəhbəri Adəm Ceylan Azərbaycan nümayəndə heyətinə Türkiyədə milli kvalifikasiya sisteminin mövcud vəziyyəti, qurumun bu sahə üzrə vəzifə və öhdəlikləri, eləcə də təcrübəsi barədə məlumat verib. Peşə təhsili sistemi, rəhbərlik etdiyi qurumun üçtərəfli idarəetmə strukturu və bu strukturda qeyri-hökumət təşkilatlarının, eləcə də özəl müəssisələrin yerindən danışıb. Qiymətləndirmə və sertifikatlaşdırma fəaliyyəti üzrə hərtərəfli qarşılıqlı dəstək və əməkdaşlığa hazır olduqlarını bildirib.
Qeyd edək ki, Peşə İxtisası İnstitutu Türkiyənin peşə standartları əsasında texniki və peşə ixtisası sahələrində milli kvalifikasiya prinsiplərinin təkmilləşdirilməsi, müəyyən edilməsi, audit, qiymətləndirmə və sertifikatlaşdırma ilə bağlı məsələləri tənzimləyir.