SİYASƏT
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Almaniya-Azərbaycan Forumu arasında qrant müqaviləsi imzalanıb
Almaniya-Azərbaycan Forumunun əsas məqsədi Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin gücləndirilməsidir.
AZƏRTAC xəbər verir ki, Azay Quliyev almaniyalı qonaqların Azərbaycanda çox vacib görüşlər keçirdiklərini və bu tədbirlərin gələcək əməkdaşlığa yeni impulslar verəcəyinə əminliyini bildirib. Qeyd edilib ki, Almaniya-Azərbaycan Forumu indiyədək öz dəyərli və səmərəli fəaliyyəti ilə ölkələrimiz arasında siyasi, iqtisadi, elmi və mədəni əməkdaşlığın inkişafında mühüm rol oynayıb.
A.Quliyev bu gün imzalanacaq layihənin həyata keçirilməsinin Almaniya-Azərbaycan dostluğunun daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə inandığını söyləyib. Bildirib ki, şura ilə əməkdaşlıq edən Almaniya QHT-ləri tərəfindən aparılmış tədqiqatlar bu ölkənin mətbuatında 1988-2013-cü illərdə Azərbaycan haqqında birtərəfli, bəzi hallarda qərəzli məlumatların dərc edilməsi faktlarını aşkarlayıb. Bu gün imzalanacaq layihə çərçivəsində yaradılacaq informasiya portalının Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, eləcə də müstəqil dövlət olaraq əldə etdiyi bütün nailiyyətlər haqqında alman ictimaiyyətini yetərincə məlumatlandıracağına və Almaniyada ölkəmiz haqqında ilkin, etibarlı məlumat bazası olacağına inam ifadə edilib.
Tədbirdə çıxış edən Almaniya-Azərbaycan Forumu İdarə Heyətinin sədri Hans-Eberhard Şlayer layihənin hər iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına layiqli töhfə verəcəyinə əmin olduğunu bildirib.
Görüşün sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Almaniya-Azərbaycan Forumu arasında qrant müqaviləsi imzalanıb.