Qəza-xilasetmə əməliyyatlarının uğurla həyata keçirilməsində peşəkarlıq əsas amillərdəndir
Bakı, 22 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarəedilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən akademiyanın rəisi general-mayor Baba Salayev nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının təhsil prosesinin əsas prioritet istiqamətlərindən biri olduğunu və bu səpkili görüşlərin kursantların xidmətə hazırlanmasında, onların peşəkar dünyagörüşünün formalaşdırılmasında, eləcə də operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynadığını qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin rəisi Əkrəm Qəhrəmanov xidmətin fəaliyyət istiqamətləri, əsas vəzifələri və həyata keçirdiyi xilasetmə əməliyyatları barədə ətraflı məlumat verib. O, xidmətin müasir texnika və avadanlıqlarla təchiz olunduğunu, şəxsi heyətin peşəkar hazırlığının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Həmçinin qeyd olunub ki, fövqəladə hallar zamanı çevik reaksiya, koordinasiyalı fəaliyyət və peşəkarlıq qəza-xilasetmə əməliyyatlarının uğurla həyata keçirilməsində əsas amillərdəndir.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.