SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Şurası: ÜAK-ın ləğv edilməsi Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin ruhuna ziddir
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ümumrusiya Azərbaycanlılar Konqresinin fəaliyyətinin dayandırılması niyyəti ilə əlaqədar Rusiya Federasiyasının İctimai Palatasına müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Azərbaycan ilə Rusiya xalqları arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir və gündən-günə möhkəmlənir. Siyasi, iqtisadi, mədəni və digər sahələrdə strateji tərəfdaşlıq səviyyəsi yetərincə yüksəkdir. Dövlətlərarası münasibətlər də dinamik inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətə dair bir sıra nümunələr gətirmək olar. Bu əlaqələrin daha da möhkəmlənməsində vətəndaş cəmiyyətinin rolunu inkar etmək mümkün deyil.
Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə 2011-ci ildə yaradılmış Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) bu dövr ərzində ikitərəfli əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verib. Artıq 16 ildir mövcud olan bu təşkilatın əsas məqsədi Rusiyada qarşılıqlı millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığın inkişafına dəstək göstərməkdir.
ÜAK üzvlərinin və Rusiyada yaşayan azərbaycanlıların ikitərəfli əlaqələrimizin inkişafında və dərinləşməsində rolu böyükdür. Sevindirici faktdır ki, onlar Rusiya cəmiyyətinin ayrılmaz tərkib hissəsidir və Rusiya Federasiyasının inkişafına layiqli töhfə verirlər.
Diaspor təşkilatları, ilk növbədə ÜAK Rusiyanın vətəndaş cəmiyyətinin tərkib hissəsinə çevriliblər. Yetmişdən çox regional şöbəsi olan bu təşkilat ölkənin, demək olar, bütün regionlarında öz strukturlarını yaradıb və qısa müddətdə nüfuzlu ictimai təşkilatlardan birinə çevrilib. Belə təşkilatların mövcud olması ilk növbədə Rusiya Federasiyasının yürütdüyü multikultural siyasətin nəticəsidir. Eyni zamanda, ÜAK heç vaxt Rusiya Federasiyasının milli və dövlət maraqlarına zidd fəaliyyət göstərməyib və cəmiyyətə heç bir problem yaratmayıb.
Təəssüf ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi ÜAK-ın ləğv edilməsi üçün bu yaxınlarda Rusiya Ali Məhkəməsinə müraciət edib. Rusiya Ali Məhkəməsinin qərarına görə, müvafiq məhkəmə işinə bu il aprelin 11-də baxılacaq.
Biz hesab edirik ki, belə bir təşkilatın statusunun ləğv edilməsi məqsədəuyğun olmayan addımdır və Rusiya Federasiyası ilə Azərbaycan arasında indiki dostluq münasibətlərinin ruhuna ziddir. Əgər təşkilatın fəaliyyətində hər hansı qanun pozuntusu varsa, onu aradan qaldırmaq olar.
Bununla əlaqədar olaraq, öz statusundan və nüfuzundan istifadə edərək Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində prosesə müdaxilə etməsi və problemin ədalətlə həll olunmasına çalışması xahişi ilə 2012-ci ildən əməkdaşlıq etdiyimiz Rusiya Federasiyasının İctimai Palatasına müraciət edirik.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ümidvardır ki, İctimai Palatanın bu məsələdə mövqeyi bundan sonra da Rusiya Federasiyası ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafına xidmət edən uğurlu fəaliyyət göstərməyə kömək edəcək.