Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları İmişlidə maarifləndirici təlim keçiriblər
İmişli, 3 may, Mahir Babayev, AZƏRTAC
Mayın 3-də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları İmişlidə heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlar, fermerlər və baytar həkimləri üçün maarifləndirici təlim keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimin keçirilməsində məqsəd ölkəmizdə heyvan sağlamlığının təmin edilməsi üçün heyvandarlıqda baytarlıq-sanitariya vəziyyətinin yaxşılaşdırılması tədbirləri çərçivəsində fermerlərə və baytar həkimlərinə elmi-praktiki kömək göstərməkdən ibarət olub.
Bildirilib ki, əhalinin keyfiyyətli və təhlükəsiz heyvan mənşəli məhsullarla təminatında heyvan sağlamlığı əsas prioritetdir. Odur ki, heyvandarlıq fermaları və kompleksləri ilə yanaşı, maldarlıqla məşğul olan hər bir fərdi təsərrüfatda zoogigiyenik və baytarlıq-sanitariya vəziyyəti qida təhlükəsizliyi tələblərinə uyğun olmalıdır. Buraya heyvanların saxlanma şəraiti və bəslənməsi, yemlərin keyfiyyətli və təhlükəsiz olması, rasionlarda zərərli komponentlərin işlədilməməsi, baytarlıq preparatları ilə düzgün davranma, heyvan zəhərlənmələri, parazitar və infeksion xəstəliklərə qarşı tədbirlər və s. daxildir. Xüsusilə yoluxucu zoonoz xəstəliklərinin (vərəm, brusellyoz, qarayara, listerioz və s.) insan sağlamlığı üçün riskləri böyük olduğundan onlara qarşı spesifik mübarizə tədbirlərinin həyata keçirilməsinə həssas yanaşılmalıdır. Bütün bunlar biotəhlükəsizlik tədbirlərinin düzgün və qida təhlükəsizliyi tələbləri çərçivəsində həyata keçirilməsini zəruri edir.
Təlimlərdə heyvan məhsulları istehsalının hər bir mərhələsində qabaqcıl beynəlxalq təcrübənin əhəmiyyətindən danışılıb və ölkəmizdə baytarlıq sanitariya vəziyyətinin idarə edilməsi mexanizminin təkmilləşdirilməsinin zəruriliyi qeyd olunub. Həmçinin heyvanlar arasında yaxın vaxtlarda həyata keçiriləcək identifikasiyanın məhz heyvan məhsullarının fermadan süfrəyə qədər izlənilməsində mükəmməl bir sistem olması barədə ətraflı məlumat verilib.
İnteraktiv üslubda keçirilmiş təlimdə iştirakçıların fikirləri dinlənilib, onları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Sonra institutun əməkdaşları fermer təsərrüfatlarına, heyvan kəsimi məntəqələrinə, süd emalı müəssisələrinə baş çəkərək, heyvan məhsulları istehsalçılarına qida zəncirində iştirakları və qida təhlükəsizliyində məsuliyyətləri, istehsal prosesində baş verə biləcək hər bir təhlükənin qarşısının alınmasında çevik olmaları barədə müvafiq məsləhətlər veriblər.