Qırğızıstanın yeni Prezidentinin andiçmə mərasimi “Azerspace-1” peyki ilə yayımlanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 28-də Qırğızıstanın yeni seçilmiş Prezidenti Sadır Japarovun andiçmə mərasimi “Azerspace-1” peyki vasitəsilə yayımlanıb.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətindən (ASC) AZƏRTAC-a bildirilib ki, Bişkek şəhərində keçirilən andiçmə mərasimi Qırğızıstanın İctimai Televiziyası “KTRK” kanalı üzərindən Mərkəzi Asiya regionunda canlı olaraq nümayiş olunub.
Qeyd edək ki, “KTRK” kanalı artıq 2015-ci ildən bəri “Azerspace-1” peykinin resurslarından istifadə edir. Qırğızıstanın İctimai Televiziya korporasiyasına altı televiziya və beş radio kanalları daxildir.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 metr ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”in idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı “www.azercosmos.com “internet səhifəsindən ala bilərsiniz.