Qırğızıstanla TÜRKSOY arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
Bişkek, 29 yanvar, АZƏRTAC
Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin vəzifələrini icra edən Nurjiqit Kadırbekov bu ölkədə səfərdə olan TÜRKSOY-un Baş katibi Düsen Kaseinovla görüşüb.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər görüşdə ötən il COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınan tədbirlərin bu il keçirilməsi, 2021-ci ildə Qırğızıstanla TÜRKSOY arasında nəzərdə tutulan tədbirlər planının reallaşması məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.
Görüşdə görkəmli mədəniyyət xadimləri - opera müğənnisi Bolot Minjılkıyevin, bəstəkar Rıspay Abdıkadırovun, kinorejissor Bolot Şəmşiyevin 80 illik yubileylərinin, yazıçı və tərcüməçi Mukaqali Makatayevin 90 illik yubileyinin keçirilməsi məsələləri müzakirə edilib.
Tərəflər türk dünyası arasında əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə birgə layihələrin həyata keçirilməsinin diqqət mərkəzində saxlanmasının vacibliyini müzakirə ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek