CƏMİYYƏT
Qobu qəsəbəsində aşkarlanmış hərbi sursatlar ərazidən kənarlaşdırılıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış keçirilib. Baxış zamanı aşkarlanmış sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı, 5 ədəd 9-mmlik sursat, 11 ədəd 7,62-mmlik PS sursat, 14 ədəd 7,62-mmlik LPS sursat, 1 ədəd güllə sandığı ilə birlikdə AKM avtomat və 1 ədəd güllə sandığı ilə birlikdə Makarov tipli tapança olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.