MƏDƏNİYYƏT
QOCAMAN RƏSSAMIN FƏRDİ SƏRGİSİ
Oktyabrın 4-də V.Səmədova adına Sərgi salonunda tanınmış rəssam Mir İsmayıl Cəfərovun 75 illiyinə həsr edilmiş fərdi sərgisi açılmışdır.
Rəssamın müxtəlif mövzularda və janrlarda yaratdığı əsərlər, xüsusilə doğma təbiətin gözəlliklərini əks etdirən natürmortları müxtəlif vaxtlarda Moskvada, Kiyevdə, Londonda, Vaşinqtonda, İstambulda da sərgilərdə nümayiş etdirilmiş və maraqla qarşılanmışdır.
Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqı tərəfindən təşkil olunmuş indiki sərgiyə 100-ə qədər əsər təqdim olunmuşdur.
Tədbiri Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov açdı. Mədəniyyət naziri Polad Bülbüloğlu və digər natiqlər M.İ.Cəfərovun yaradıcılığından danışdılar, qocaman firça ustasına yeni nailiyyətlər arzuladılar.
Sonra mərasim iştirakçıları sərgi ilə tanış oldular. “Qoca kişinin portreti”, “Tələbə qız”, “Dənizdə yelkənlər” və s. əsərlər tamaşaçılarda xüsusilə böyük maraq doğurmuşdur..