İDMAN
QUBADLI İDMANÇILARI E.MƏMMƏDOV VƏ N.PAŞAYEV ÖZ QƏLƏBƏLƏRİNİ GƏNCLƏRİN HAMILIQLA TANINMIŞ LİDERİ, BAŞ NAZİR İLHAM ƏLİYEVƏ HƏSR ETMİŞLƏR
Onların uğurları münasibətilə keçirilən qəbulda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Milli Məclisin deputatı Tofiq Hüseynli idmançıları qələbə münasibətilə təbrik edib, vurğuladılar ki, məişət şəraitinin ağır olmasına, çətin vəziyyətdə yaşamalarına, - axı, taleyin hökmü ilə hər iki idmançı məcburi köçkündür, - baxmayaraq, onlar səylə məşq edir, ustalığını təkmilləşdirir və yüksək nəticələr göstərirlər. Qeyd olundu ki, yaxşı maddi-texniki baza yaradılması, ölkəmizdə olimpiya kompleksləri tikilməsi Azərbaycanda da mötəbər beynəlxalq yarışlar keçirilməsinə imkan verir. İndi Azərbaycanın milli bayrağı dünyanın müxtəlif idman qurğularında tez-tez qaldırılır. Çıxış edənlər dedilər ki, bütün bunlar Azərbaycan Prezidenti Heydər Əliyevin idmana böyük diqqətinin nəticəsidir, Milli Olimpiya Komitəsinin prezidenti, gənclərin hamılıqla tanınmış lideri İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Qəbulda Elbrus Məmmədov öz doğma diyarında Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin rəhbərliyi ilə idmanda atdığı ilk addımlardan danışdı. Elbrus 1999-cu ildə Avropa çempionu olmuş, 2001-ci ildə isə yunan-Roma güləşi üzrə dünya çempionatından ilk qızıl medalla qayıtmışdır. Niyaməddin Paşayev də öz nailiyyətlərindən söz açdı. O, iki il bundan əvvəl dünya çempionu olmuş və MOK-un 10 illiyi münasibətilə “Tərəqqi medalına” layiq görülmüşdür.
E.Məmmədov belə bir maraqlı əhvalat danışdı. Avqustun 4-də o, yarımfinalda Polşa idmançısı ilə görüşürdü. Bundan əvvəl digər çəki dərəcəsində isə final görüşü keçirilirdi. Birdən hakim görüşü dayandırdı, salonda elan edildi ki, İlham Əliyev Azərbaycanın Baş naziri təyin olunmuşdur. E.Məmmədovun sözlərinə görə, Azərbaycan idmançılarının sevincinin həddi-hüdudu yox idi. O dedi: Qəti əminəm ki, görüşdə qələbə qazanmağımda məhz bu xəbər həlledici rol oynadı. Azərbaycan idmanı naminə, hər bir idmançı üçün görülmüş bütün işlərə görə minnətdarlıq əlaməti olaraq biz öz qələbələrimizi İlham Əliyevə həsr etdik.
Qəbulda belə bir inam ifadə edildi ki, Qubadlı rayonunun gəncləri qarşıdakı seçkilərdə görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan İlham Əliyevə səs verəcəklər.
Qəbulda idmançılara xatirə töhfələri, pul mükafatı təqdim edildi.