Quran - ərəb dilində möhtəşəm kitab
Bakı, 26 iyul (AZƏRTAC). “Nağıl” nəşriyyatında “Quran - ərəb dilində möhtəşəm kitab” adlı kitab çapdan çıxmışdır.
AZƏRTAC xəbər verir ki, kitab Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin icazəsi ilə nəşr olunmuşdur.
Nəşrin müəllifi, publisist Yuri Məmmədov öz tədqiqat əsərini müasir dövrün ən böyük şərqşünaslarından birinə - Teodor Adamoviç Şumovskinin nurlu xatirəsinə həsr etmişdir.
Y.Məmmədovun kitabı Müqəddəs Ramazan ayında işıq üzü görmüşdür.
Rus və ingilis dillərində nəşr olunmuş kiçik formatlı (60X90) kitab 100 nüsxə tirajla buraxılmışdır.
Nəşrin redaktoru filologiya üzrə fəlsəfə doktoru Salehə Əliyevadır.
Müəllif yazır: “Bizi həmişə görkəmli insanların xarakterinə, mənəviyyatına çox güclü maraq hissi təqib edir, sanki onlara insan üçün sirri-xuda olanları görə bilmək bacarığı verilmişdir. Məhəmməd Peyğəmbərin (Ə) simasında və davranışında həqiqətənmi fövqəltəbiilik var idi? Bizə məlum olan tarixi məlumatlar yalnız bunu deyir: əsla, o, döyüşkən və nüfuzlu Qüreyşilər nəslindən olan adi bir insan idi”.
Azərbaycan alimi Mirzə Əbdürrəhim Talıbov vaxtilə yazırdı ki, Quranın təhlili bizi təkrar-təkrar inandırır ki, Peyğəmbər bizim kimi adi insan olmuşdur. Lakin yaratdığı təlim və qanunlar onun əzəmətini, dahiliyini və ölməzliyini vurğulayır.
Müəllif Məhəmməd Peyğəmbərin təliminin bir qədər ətraflı şərh etməyə çalışaraq, ərəb və Avropa müəlliflərinin (V.İrvinq, akademik V.Bartold) kitablarına, nadir hallarda xatırlanan faktlara (K.E.Savari, M.Ə.Talıbov, V.İrvinq, V.Panova, Y.Vaxtin, T.Şumovski) istinad edir, Azərbaycan alimlərinin əsərlərindən sitatlar gətirir.
Kitabda T.Şumovskinin tərcüməsində Qurandan sitatlar gətirilmiş, müqəddəs Qurandakı əsas sözlərin məna yükü verilmişdir.
Müəllif haşiyə çıxaraq İslamın obyektiv təhlilinə görə və onun rus dilinə poetik tərcüməsinə görə T.Şumovskiyə minnətdarlığını bildirir.
T.Şumovski Peyğəmbər (Ə) haqqında demişdir: “O, vahid ərəb milləti, vahid ərəb dövləti və dünyəvi İslam dinini yaratdı - “şəfa verdi”. Bu din bəşəriyyətin xeyli hissəsinin mənəvi zənginləşməsinə imkan yaratdı”.
Kitabın əlavəsində böyük Azərbaycan alimi və sərkərdəsi İbrahim bəy Vəkilovun həyatından belə bir fakt gətirilir. Daha doğrusu onun xanımı Yelena Yefimovna Vəkilovanın Lev Nikolayeviç Tolstoya ünvanladığı məktubdan danışılır. Y.Vəkilova atalarının dinini - İslamı qəbul etməyi qərara almış oğullarına nə tövsiyə edəcəyi barədə L.Tolstoyla məsləhətləşir. Məlumdur ki, L.Tolstoy ona belə cavab verir: “Oğullarınızın arzusunu təqdir etməyə bilmərəm”.
Kitabda Məhəmməd Peyğəmbərin (Ə) kəlamları da verilmişdir.
Müəllif ön sözdə yazır ki, müsəlmanlar Bibliyanı öyrənməli və başa düşməlidirlər, eləcə də xristianlar Quranla tanış olmalıdırlar. İslam və xristianlıq sırf ilahiyyat-dini nöqteyi-nəzərdən bir-birinə nəinki zidd deyildir, hətta qarşılıqlı surətdə tamamlayır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.