QÜRURLU ÖMÜR YAŞAMIŞ BÖYÜK İNSAN, MİLLİ RUHLU ƏDİB VƏ GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ALİM
AZƏRTAC xəbər verir ki, mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin təşkilatçılığı ilə böyük yazıçı, görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 100 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
Mir Cəlalın övladları - Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan xarici işlər nazirinin müavini, Diplomatik Akademiyanın rektoru, professor Hafiz Paşayev, nəvəsi - Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayeva və tədbir iştirakçıları əvvəlcə binanın foyesində unudulmaz sənətkarımızın həyat və yaradıcılığına həsr edilmiş kitab və fotosərgi ilə tanış olmuşlar.
Azərbaycan ədəbiyyatı tarixində Mir Cəlal Paşayevi milli ruhlu böyük ədib, elmi əsərləri, tədqiqatları bu gün də öz əhəmiyyətini itirməyən görkəmli ədəbiyyatşünas alim kimi səciyyələndirən AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı elmi sessiyada giriş sözü söyləmişdir. Yubilyarın həyat və yaradıcılığının bəzi məqamlarından danışan natiq vurgulamışdır ki, xalqımızın qəlbində səmimi, qürurlu, xeyirxah insan kimi yaşayan Mir Cəlal Paşayev sovet dövründə yaşayıb yaratmışdır. Buna baxmayaraq, onun əsərlərində həmin dövrün ideologiyası təbliğ olunmamışdır. Yazıçının əsərləri təsvir olunan hadisələrin həyatiliyinə, doğruluğuna, inandırıcılıq keyfiyyətinə görə həmişə sevilmiş, yüksək qiymətləndirilmişdir. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab”, “Yaşıdlarım” kimi romanlar yazan Mir Cəlal Paşayevin həm də ətrafımızda baş verən müxtəlif hadisələri ustalıqla ədəbiyyata gətirən, ümumiləşdirən və mənalandıran gözəl hekayələr müəllifi olduğu diqqətə çatdırılmışdır.
Tədbirdə akademik Bəkir Nəbiyev “Mir Cəlalın yaradıcılıq yolu”, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun XX əsr ədəbiyyatı şöbəsinin müdiri Şirindil Alışanlı “Mir Cəlalın nəzəri-estetik görüşləri” mövzusunda məruzələr etmişlər. Məruzələrdə və Yazıçılar Birliyinin sədri Anarın, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayevanın və başqalarının çıxışlarında görkəmli ədibin həyat və yaradıcılığından ətraflı söz açılmışdır.
Vurğulanmışdır ki, yazıçı Mir Cəlalın əsərlərinin əksər qəhrəmanları sadə insanlardır. “Bir gəncin manifesti”nin və “Dirilən adamın” son vaxtlar səhnə həyatı yaşaması onun əsərlərinin bu gün üçün də aktuallıq kəsb etməsindən xəbər verir.
Natiqlər demişlər ki, uşaqlıq illərini və gəncliyini Gəncədə keçirən Mir Cəlal Paşayev bədii ədəbiyyat nümunələrini acgözlüklə mütaliə etmişdir. Daim öyrənmək ehtirası ilə yaşayan gənc rus klassiklərinin əsərlərini oxumuş, xüsusilə A.Çexovun hekayələrindən təsirlənmişdir. Məhz buna görə də o, Gəncə ədəbi mühitində öz yaşıdlarından Azərbaycan ədəbiyyatı ilə yanaşı, xarici ölkə klassiklərinin əsərlərinin öyrənilməsi sahəsində zəngin biliyi ilə seçilmişdir. Bilik və elm təşnəsi olan Mir Cəlal Paşayev 1930-cu ildə Tatarıstana getmiş, Kazan Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsində təhsil alaraq, ali məktəbdə dərs demək hüququ qazanmışdır.
Elmi sessiyada SSRİ yazıçılarının Moskvada keçirilən II, III, IV qurultaylarının işində Azərbaycandan seçilmiş nümayəndə heyətinin üzvü kimi Mir Cəlal Paşayevin də iştirak etdiyini diqqətə çatdıran natiqlər, onun əməyinin Şərəf Nişanı, Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı ordenləri ilə qiymətləndirildiyini, “Bir gəncin manifesti” romanına görə respublika Lenin komsomolu mukafatı laureatı, elmdəki uğurlarına görə Əməkdar elm xadimi fəxri adına layiq görüldüyünü vurğulamışlar.
Tədbirdə sadə, xeyirxah, zəngin insani keyfiyyətləri ilə həmişə fərqlənən yubilyarın 50 ildən artıq bir dövrü əhatə edən pedaqoji fəaliyyətindən də geniş danışılmışdır.
Hafiz Paşayev atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etmişdir.
######
![]() |
![]() |

