Qusarın bir sıra yaşayış məntəqələrində elektrik şəbəkələri yenidən qurulur
Qusar, 30 iyul, AZƏRTAC
Qusar rayonunda əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təminatı məqsədilə bir sıra kəndlərdə elektrik şəbəkələri yenidən qurulur.
Qusar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda kəndləri enerji ilə təmin edən 110/35/10 və 35/10 kilovoltluq yarımstansiyalarının daha güclü və müasir avadanlıqlarla əvəz edilməsi işləri davam etdirilir.
Bu istiqamətdə görülən əsaslı işlərdən biri rayonun 68 kəndini, 1 qəsəbəsini və şəhərin bir hissəsini elektrik enerjisi ilə təmin edən 110/35/10 kilovoltluq yarımstansiyada aparılan yenidənqurma işləridir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və aidiyyəti qurumların nümayəndələrinin yarımstansiyada görülən işlərlə tanışlıq zamanı bildirilib ki, yenidənqurma işləri çərçivəsində yarımstansiyadakı mövcud 10 meqavoltluq 2 ədəd transformator, hər birinin gücü 25 meqavolt olan 2 ədəd yeni və müasir transformatorla əvəz edilib.
"AzərEnerji" ASC-nin Xaçmaz Regional Elektrik Şəbəkəsi MMC-nin direktoru Rəşad Qasımov məlumat verib ki, transformatorların yenilənməsi nəticəsində yarımstansiyanın ümumi gücü 2,5 dəfə artırılaraq rayonun artan enerji tələbatının ödənilməsi təmin edilib. Bundan əlavə, yarımstansiyada qapalı paylayıcı qurğu yenisi ilə əvəz olunub, 110 kilovoltluq açıq paylayıcı qurğunun ərazisi çəpərlənib və digər müasir avadanlıqlar quraşdırılıb, ərazi abadlaşdırılıb.
Enerji təchizatının etibarlılığının artırılması məqsədilə "Qusar 110/35/10 KV" və "Qusar 35/10 KV" yarımstansiyalarını əlaqələndirən 2 dövrəli, 1 və 2 nömrəli "Qusar" hava elektrik verilişi xətləri çəkilərək istismara verilib. Eyni zamanda, yarımstansiyadan çıxan 35 kilovoltluq "Yuxarı Zeyxur" xəttinin açarında təmir-bərpa işləri aparılıb. Görülmüş işlərlə yanaşı, növbəti mərhələlərdə yeni inzibati binanın tikintisi və digər görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.
Müxbir – Elxan Yusifli