İQTİSADİYYAT
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin yekunlarına dair kollegiya iclası olmuşdur
Bakı, 21 yanvar (AZƏRTAC). Yanvarın 21-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublikamızda aparılan uğurlu neft siyasətinin qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açdığını və bu imkanlardan rabitə və informasiya texnologiyaları sahəsində də səmərəli istifadə olunduğunu demişdir.
Ə.Abbasov bildirmişdir ki, ölkəmizin iqtisadi inkişafında qeyri-neft sektorunun aparıcı sahəsi olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) müstəsna yeri vardır. Göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunmuş və 2012-ci ildə müsbət nəticələr əldə edilmişdir. Artım tempinə görə İKT sektoru ölkə iqtisadiyyatının sahələri üzrə öncül yerdədir.
Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatmış və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılmışdır. Yaxın günlərdə Azərbaycanda İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nizamnamə layihəsinin təsdiq olunacağı gözlənilir.
Dövlət başçısı tərəfindən sektorun inkişafına göstərilən diqqət və qayğının verdiyi xüsusi önəmin nəticəsidir ki, 2013-cü il Azərbaycanda İKT ili elan edilmişdir.
Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov 2012-ci ildə rabitə və informasiya texnologiyaları sektorunda əldə olunmuş nəticələr barədə məruzə etmişdir. Bildirilmişdir ki, ötən il İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ümumi daxili məhsulda (ÜDM) payı 1,9 faiz təşkil etmişdir. Qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 28,5 milyard manat, real artım tempi isə 9,7 faiz təşkil etmişdir. Sektor üzrə əldə olunan gəlirlərin ÜDM-də qeyri-neft sektorunun payı 3,5 faiz olmuşdur. İnformasiya və rabitə sektoruna 325,3 milyon manat investisiya qoyulmuşdur.
Məruzədə qeyd olunmuşdur ki, bu dövrdə dövlət orqanları tərəfindən elektron xidmətlərin təşkili prosesi daha da sürətlənmiş, elektron-imzanın sadələşdirilmiş rejimdə verilməsi altsistemi işlənib hazırlanmışdır. Ölkədə internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində il ərzində internetin qiymətləri ayrı-ayrı sürətlər üzrə təqribən 35 faiz aşağı düşmüşdür.
Sonra məruzə ətrafında çıxışlar dinlənilmişdir.
Kollegiya iclasına yekun vuran nazir Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanları ilə RİTN-in yanında əlaqələndirici qurum olan Elektron Təhlükəsizlik Mərkəzinin və Yüksək Texnologiyalar Parkının yaradılması, rəqəmsal televiziya yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.
Tədbirdə nazirliyin fərqlənən əməkdaşlarına fəxri fərman və mükafatlar təqdim olunmuşdur.