Radiasiya Problemləri İnstitutunun “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupu yeni nəticələr əldə edib
Bakı, 24 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun “Arxeoloji tapıntıların tarixləndirilməsi” qrupunun gənc tədqiqatçısı, Ətraf Mühitin Radiasiya Kimyası laboratoriyasının kiçik elmi işçisi Aybəniz Əhədova bu ilin ilk yaş təyini nəticələrini əldə edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədqiqatlar zamanı Yardımlı rayonunun Arvana kəndindən götürülmüş diş nümunəsinin eramızdan əvvəl 4775-ci ilə, Cəlilabad rayonunun Polutəpə ərazisindən götürülmüş diş və keramika nümunələrinin eramızdan əvvəl 6300-cü ilə, həmçinin Füzuli rayonu ərazisində yerləşən qədim yaşayış yerindən götürülmüş keramika nümunəsinin eramızdan əvvəl 5250-ci ilə aid olduğu sübut edilib.
İnstitutda arxeoloji tapıntıların tarixləndirilməsi aparıcı elmi işçi, kimya elmləri namizədi Sahib Məmmədovun rəhbərliyi ilə üç metod (radiokarbon, elektron paramaqnit rezonans və termolüminessensiya metodları) əsasında aparılır və tapıntıların yaşı təyin olunur.