REGİONLAR
Radikalizmlə hamılıqla mübarizə aparılmalıdır
![](/files/galleryphoto/2019/3/1200x630/15720737861822818659_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720737865268613441_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720737862331826036_1200x630.jpg)
![](/files/galleryphoto/2019/3/1200x630/15720737864937741506_1200x630.jpg)
Bərdə, 26 oktyabr, AZƏRTAC
Bərdə şəhərində Gənclər və İdman Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş zona toplantısı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam, Xocalı, Tərtər, Naftalan, Ağcabədi, Goranboy rayon Gənclər və İdman İdarələrinin nümayəndələrinin və fəal gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Qarayev çıxış edərək, Prezident İlham Əliyevin tolerant, multikultural və həmrəylik dəyərlərinin təbliği istiqamətində həyata keçirdiyi siyasətin nəticələrindən danışıb, ölkəmizin bu sahədə dünyada nümunə kimi qəbul edildiyini vurğulayıb.
Gənclər və İdman Nazirliyinin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov çıxışında radikalizmin yaranmasından, ona dəstək verən qüvvələrdən, dünyada və ölkəmizdə radikalizmə qarşı aparılan mübarizədən danışıb. Bildirib ki, müəyyən siyasi qüvvələrin dəstəyi ilə müxtəlif formalarda fəaliyyətdə olan radikalizmlə hamılıqla mübarizə aparılmalıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev dini radikalizm və ekstremizmin hazırda bütün dünyanı narahat edən aktual məsələlərdən biri olduğunu qeyd edib.
N.Əfəndiyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizm və ekstremizmə qarşı mübarizə istiqamətində maarifləndirici tədbirlərin keçirilməsinə böyük önəm verildiyini bildirib, gənclər arasında dini radikalizmin profilaktikası sahəsində zəruri məsələlərdən danışıb.
Çıxışlarda qeyd edilib ki, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, İslam dininin yüksək mənəvi-əxlaqi, insani və ümumbəşəri prinsiplərinin cəmiyyətdə aşılanması, dini dəyərlərin düzgün təbliğ edilməsi və təhsil gənclərin dini radikalizmə meylləndirilməsinin qarşısını almaqda mühüm rol oynayır.
Tədbirdə çıxış edən gənclər radikalizmin yayılmasının və gənclərin radikal qrupların təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, gənclər Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək, yüksək vətənpərvərlik və vətəndaşlıq həmrəyliyi göstərərək, Azərbaycançılıq ideologiyasına xidmət etməlidirlər.