RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Sizi dünya müsəlmanlarının əziz Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Qurani-Kərimin nazil edildiyi müqəddəs Ramazan ayı bəşər mənəviyyatı tarixində dərin iz qoyan mübarək aylardandır. Dünyanın müsəlman xalqları arasında dini-mənəvi birlik duyğusunu qoruyub yaşadan, qəlblərdə iman gücünü artıran bu bayram insanları səbrli, gözəl niyyətli olmağa, savab işlər görməyə və ilahinin hikmətlərindən faydalanmağa çağırır, yer üzündə sülhün, əmin-amanlığın və qardaşlığın bərqərar olması naminə birgə səylər göstərməyə dəvət edir.
Tarix boyu özünün zəngin milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq qalmış Azərbaycan xalqı dünya müsəlmanları ilə həmrəylik nümayiş etdirərək bu mübarək günləri böyük təntənə ilə qarşılayır. Din qarşısında öz vicdan borcunu yerinə yetirən və Ramazan ayının sınaqlarından alnıaçıq çıxan hər bir vətəndaşımız bu günü böyük fərəhlə bayram edir. Cəmiyyətdə birlik və bərabərliyin təntənəsinə çevrilən Ramazan bayramı ölkəmizin sabahı olan gəncliyin dərin mənəviyyata və yüksək əxlaqa sahib bir nəsil kimi Vətənə sədaqət ruhunda yetişməsində də mühüm rol oynayır.
Azəbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda canından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini bu müqəddəs bayram günündə ehtiramla yad edir, ruhları şad olsun deyirəm, şəhidlərin ailələrinə və yaxınlarına səbr diləyirəm.
Ölkəmizdən kənarda yaşayan bütün soydaşlarımıza Ramazan bayramı münasibətilə ən xoş arzularımı çatdırıram.
Əziz bacı və qardaşlar!
Yeni minilliyin, yeni əsrin daim yeniləşən Azərbaycanın tərəqqisi naminə apardığınız nəcib işlərdə hamınıza böyük uğurlar diləyir və bütün pak niyyətlərinizin gerçək olmasını arzu edirəm.
Ramazan bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2003-cü il.