RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Mübarək Ramazan ayı ilahi hikmətlər xəzinəsi olan müqəddəs Qurani -Kərimin nazil olması ilə əlamətdardır və inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, xeyirxahlıq, şəfqət, həmrəylik duyğularının təntənəsini yaşadan bir aydır.
Bu günlər Allah və din yolunda mənəvi borcunu ləyaqətlə yerinə yetirən müsəlmanlarımız orucluğun sınaqlarından alnıaçıq çıxaraq, bayram sevincini və fərəhini məmnunluqla bölüşürlər. Xalqımızın və dövlətimizin əmin-amanlığı üçün diləklər edilir, şəhidlərimizin ruhuna dualar oxunur. Mən də bütün xoş niyyət və diləklərə qoşularaq, əziz bayram günlərində şəhidlərimizin xatirəsini ehtiramla yad edir, Allahdan onlara rəhmət, ailələrinə səbir diləyirəm.
Əziz bacı və qardaşlar!
Öz tarixi köklərinə, milli-mənəvi dəyərlərinə daim sadiq qalan Azərbaycan xalqı bütün müsəlmanların həmrəyliyini və birliyini nümayiş etdirən mübarək Ramazan bayramını hər il böyük təntənə və könül xoşluğu ilə qarşılayır. Bu əziz gündə bir daha bütün dünya azərbaycanlılarını, ölkə vətəndaşlarını səmimi qəlbdən təbrik edir, onların ailələrinə firavanlıq, süfrələrinə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 oktyabr 2006-cı il.