Rəcəb Tayyib Ərdoğan: Türkiyə S-400-lərdən imtina etməyəcək
Bakı, 4 iyun, AZƏRTAC
Ankara Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin alınmasından imtina etməyəcək.
AZƏRTAC Habertürk telekanalına istinadla xəbər verir ki, bu barədə bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.
“Biz saziş imzalamışıq və hazırda o reallaşdırılır. Bu məsələdə qətiyyətliyik. Biz S-400 zenit-raket komplekslərindən imtina etməyəcəyik”, - deyə Türkiyə lideri bildirib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Amerika istehsalı olan “Patriot” zenit-raket komplekslərini almaq istədiyini, lakin sərfəli təklifin olmadığını da xatırladıb.
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib.
ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib. Birləşmiş Ştatlar S-400 “Triumf” zenit-raket komplekslərini alacağı təqdirdə Ankaranı beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin çatdırılması proqramından tamamilə çıxarmaqla hədələyib. Ankara azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.
Uzaq məsafəli zenit raket sistemi - S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub.