“Region könüllüləri hərəkatı” layihəsinin icrası davam edir
Bakı, 29 yanvar, AZƏRTAC
“Gəncliyə Dəstək” İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Region könüllüləri hərəkatı” adlı layihənin icrasını davam etdirir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi, Zərdab, Ucar rayonlarında reallaşdırılan layihə çərçivəsində təşkil olunan altı təlimdə 90 gənc iştirak edir.
“Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Vəfa Xəlilli bildirib ki, layihənin məqsədi region gənclərini sosial xidmət sahəsində könüllülük hərəkatına və ictimai fəaliyyətə cəlb etməklə onların fərdi inkişafına təkan vermək, sosial məsuliyyət hissini artırmaqdır.
Təlimlərdə gənclərə sosial xidmət sahəsində könüllülük fəaliyyətinin inkişafı və könüllülər qrupunun yaradılması, könüllülər üçün yaradılmış imkanlar, distant təhsil və digər mövzularda ətraflı məlumat verilib.
Region gəncləri çıxışlarında onların fərdi inkişafı, könüllülük hərəkatında geniş iştirakı baxımından belə layihələrin xüsusi önəm daşıdığını bildiriblər.