Regionlarda ekoloji maarifləndirici görüşlər davam edir
Bakı, 3 fevral, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Tullantıların ekoloji cəhətdən səmərəli idarəolunması və təkrar emal” mövzusunda növbəti maarifləndirici görüşlər təşkil olunub.
Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, maarifləndirici görüşlər Ağcabədi rayonunun Xocavənd kənd, Füzuli rayonunun Bala Bəhmənli kənd, Ağdam rayonunun Quzanlı qəsəbə, Xındırıstan və Üçoğlan kəndləri, Tərtər rayonunun Qarağacı kənd, Bərdə rayonunun Güloğlular kənd, Gəncə şəhərinin 13 və 17 nömrəli tam orta məktəblərində keçirilib.
Görüşlər zamanı şagirdlərə məişət tullantılarının düzgün idarəolunması, çeşidlənməsi, təkrar emal prosesi və bu sahədə hər bir vətəndaşın görə biləcəyi tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan səmərəli istifadə və gündəlik ekoloji davranış qaydaları izah olunub.
Tədbirlər interaktiv formada təşkil edilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Görüşlərin əsas məqsədi uşaqlarda ekoloji bilikləri zənginləşdirmək, ətraf mühitin qorunmasının vacibliyini aşılamaq və sağlam ekoloji davranış vərdişlərinin formalaşmasına töhfə verməkdir.