“Republic Underground” portalı Cənubi Qafqazın perspektivlərindən bəhs edilən məqalə yayıb
Bakı, 29 yanvar, AZƏRTAC
“Republic Underground” xəbər portalında Belçika Azərbaycanlıları Mədəniyyət Mərkəzinin üzvü Aynur Bəşirovanın “Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın gələcəyi necə ola bilər” sərlövhəli məqaləsi dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yazıda Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli sülh razılaşmasından sonra yaranmış mövcud vəziyyətdən və Cənubi Qafqazı, xüsusilə də Ermənistanı gözləyən perspektivlərdən bəhs olunub. Qeyd edilib ki, hazırkı durum ilk baxışda bir neçə ay əvvəl müharibədə Azərbaycana məğlub olmuş Ermənistan üçün kədərli görünə bilər. Lakin uzunmüddətli perspektivdə indiki vəziyyət Ermənistan, Azərbaycan və bütövlükdə region üçün ümidverici görünür. Nəqliyyat və iqtisadi əlaqələrin qurulması hər iki dövlətin xeyrinədir.
Müəllif xatırladıb ki, Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycan torpaqlarını işğal edib müəyyən üstünlük qazansa da, iqtisadi imkanlar baxımından məğlub olmuşdur. Qafqazın digər iki ölkəsi - Azərbaycan və Gürcüstan enerji və nəqliyyatla əlaqədar çoxsaylı iqtisadi layihələr həyata keçiriblər. Bu layihələr hər iki ölkənin iqtisadi inkişafına müsbət təsir göstərib.