CƏMİYYƏT
Rəsm müsabiqəsi: “Yol hərəkəti qaydaları və mən”
Bakı, 6 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Elm və Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birgə “Heydər Əliyev İli” çərçivəsində “Yol hərəkəti qaydaları və mən” adlı rəsm müsabiqəsi keçirib.
Bu barədə AZƏRTAC-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbirdə Ulu Öndərin ölkəmizdə gənc nəslin inkişafına verdiyi misilsiz töhfələr bir daha xatırlanıb, müsabiqəyə qatılan uşaq və yeniyetmələr tərəfindən mahnı və rəqslər ifa olunub, yol hərəkəti qaydalarını təbliğ edən rəsmlər çəkilib.
Münsiflər heyəti tərəfindən seçilən qaliblərə Baş Dövlət Yol Polisi İdarəsi adından diplom və mükafatlar təqdim edilib.
Müsabiqədə iştirak edən 50-dək uşaq və yeniyetməyə hədiyyələr verilib, onlar yol hərəkəti təhlükəsizliyinin təbliğində fəal olmağa həvəsləndirilib.