RESPUBLİKA BAYTARLIQ LABORATORİYASINDA QUŞ QRİPİ İLƏ BAĞLI 4464 NÜMUNƏDƏ MÜAYİNƏ APARILMIŞDIR
Müayinələr nəticəsində 14 ev quşunda, 20 çöl quşunda, 1 itdə quş qripinin ayrı-ayrı ştamları aşkar olunmuşdur. Bakı ərazisində müayinə aparılmış 1236 quşdan 7-də virusun H5N1 ştamı və 1 itdə virusun H5 ştamı, Abşeron rayonundan 248 quşdan 2-də virusun H5N1 ştamı aşkar olunmuşdur.
Bundan əlavə, quşçuluq fabriklərində 1654 quşun nümunələri quş qripinə görə diaqnostik müayinədən keçirilmişdir. Müayinə zamanı Giləzi quşçuluq fabrikindən götürülən nümunələrdən 3-də virusun H5N1 ştamı, Biləsuvar quşçuluq fabrikindən götürülən nümunələrdən 3-də virusun H5N1 ştamı və 2-də virusun H5N2 ştamı, Arka quşçuluq müəssisəsindən isə götürülmüş nümunələrdən 3-də virusun H5 ştamı müəyyən edilmişdir.
Qeyd edilənlərlə yanaşı, respublikamızın bütün bölgələrindən, milli parklardan, köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdən götürülən qan və patoloji nümunələr də quş qripinə görə müayinə edilmişdir.
Ev quşları arasında xəstəlik müəyyən edilmiş ərazilərdə baytarlıq-karantin tədbirləri həyata keçirilmiş və lazımi dezinfeksiya işləri görülmüşdür. Ağdam rayonunun Bənövşələr qəsəbəsi istisna olmaqla, digər ərazilərdən karantin tədbirləri götürülmüşdür.
Dövlət Baytarlıq Xidməti vəziyyətin tam nəzarət altında olduğunu və xəstəliyin sovuşmasının gözlənildiyini bildirir.