Respublika ərazisində 4040 təbii və texnogen mənşəli hadisə baş verib
Bakı, 27 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin üç ayında respublika ərazisində baş vermiş təbii və texnogen mənşəli hadisələrə dair statistik məlumatı açıqlayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, 2020-ci ilin I rübü ərzində respublika ərazisində 4040 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2000 hadisə və ya 98 faiz çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olub, 55 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib, 262 nəfər təxliyə olunub.
Rüb ərzində respublika ərazisində 37 təbii mənşəli hadisə qeydə alınıb, insan tələfatı və xəsarət alan olmayıb.
Hesabat dövründə ölkə ərazisində 4003 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə 2007 hadisə və ya 100 faiz çoxdur.
Texnogen mənşəli hadisələr nəticəsində 16 nəfər həlak olmuş, 55 nəfər xəsarət almışdır ki, bu da 2019-cu ilin I rübü ilə müqayisədə həlak olanlar üzrə 22 nəfər və ya 58 faiz azdır, xəsarət alanlar üzrə 21 nəfər və ya 28 faiz azdır.