Respublika Gənclər Kitabxanası “#Kitab səhifələrindən, mavi ekrana” adlı aksiyasını müvəffəqiyyətlə davam etdirir
Bakı, 25 aprel, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Instagram” və “Facebook” sosial şəbəkələrində “#Kitab səhifələrindən mavi ekrana” adlı aksiyası müvəffəqiyyətlə davam edir.
AZƏRTAC xəbər verir ki, bu aksiya çərçivəsində kitabxana əməkdaşları kitab şəklində olan və oxucu rəğbəti qazanmış əsərlərin motivləri əsasında çəkilən filmlər haqqında videoçarxlar hazırlayırlar. Sosial şəbəkə istifadəçiləri kitabxananın əməkdaşları tərəfindən yaradılan bu videoçarxları izləyərkən yalnız bu və ya digər kitab haqqında deyil, həmçinin əsərin motivləri əsasında çəkilən kino haqqında da qısa müddətdə tam dolğun, ətraflı məlumat almış olurlar. Aksiyanın əsas məqsədi kino filmlər vasitəsilə ədəbiyyatın təbliği, mütaliəyə marağın artırılması, istifadəçiləri yerli və dünya ədəbiyyatı və həmçinin də kinomatoqrafiyası ilə yaxından tanış etməkdir.
Sözügedən aksiya çərçivəsində “Sevil”, “Almas”, “Səhər”, “Dərviş Parisi partladır”, “Qətl günü”, “Bəxt üzüyü”, “Aygün”, “Uzaq sahillərdə”, “Qürur və qərəz”, “Pianoçu” və s. filmləri haqqında videoçarxlar hazırlanıb.