MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanasında görüş - “Müasir gəncliyin mütaliə mədəniyyəti. Kəsişən qütblərin müzakirəsi”
![](/files/galleryphoto/2022/2/1200x630/16540832571215163664_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/165408325760161277_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540832585038869_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Respublika Gənclər Kitabxanasında tanınmış yazıçı, şərqşünas, psixoloq Rövşən Abdullaoğlunun iştirakı ilə “Müasir gəncliyin mütaliə mədəniyyəti. Kəsişən qütblərin müzakirəsi” adlı tədbir təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə müxtəlif ali təhsil ocaqlarının tələbələri, gənclər, kitabxana əməkdaşları iştirak ediblər.
Tədbirdə kitabxananın direktoru Aslan Cəfərov bu gün Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti anlayışının bizə ulu öndər Heydər Əliyevdən miras qalmasını və bu gün də bu siyasətin Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini söyləyib. Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində kifayət qədər fəal olması, öz intellekti, vətənpərvərlik ruhu ilə bir çoxlarına örnək olduğunu bildirib. Məhz Vətənin gənc, vətənpərvər oğulları sayəsində Azərbaycanın zəfər dastanının yazıldığını söyləyib.
Kitabxananın qonağı yazıçı-psixoloq Rövşən Abdullaoğlu tədbir iştirakçılarına öz həyatı, yaradıcılığı, ilk qələm təcrübələri haqqında qısa məlumat verib. Qonaq tədbir iştirakçılarının suallarını cavablandırmaqla yanaşı, müəllifi olduğu “Bu şəhərdə kimsə yoxdur”, “Abaddon”, “Reyslər üzərində uzanmış adam” əsərləri haqqında söhbət açıb, yazıçılıq fəaliyyətinin incə məqamlarına toxunub. Müəllif ilə görüşdə müasir gəncliyin fərdi inkişaf aspektləri, motivasiya imkanları, özgüvən problemlərinin müzakirəsinə də yer verilib. Rövşən Abdullaoğlu müasir gəncliyin mütaliəyə cəlb olunması məsələsinə dair öz şəxsi mülahizələrini dilə gətirib, mütaliənin ən uğurlu təbliği metodları, həmçinin öz mütaliə üstünlükləri barədə də danışıb.
Sonda yazıçıya ünvanlanan üç ən uğurlu sualın müəllifinə yazıçı tərəfindən “Hər bir insan hökmdardır” imzalı kitabı hədiyyə edilib. Rövşən Abdullaoğlu bu səpkili tədbirlərin - yazıçı ilə görüşlərin, imza günlərinin məhz mədəniyyət və mütaliə ocağı olan kitabxanalarda təşkil olunması zəruriyyətini yüksək qiymətləndirib, bu cür imkanın yaradıldığına görə kitabxanaya minnətdarlığını bildirib.