Respublika Gənclər Kitabxanasında Ulu Öndərin 100 illiyi münasibətilə tədbir
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da “Ulu Öndər Heydər Əliyevin Azərbaycan poeziyasının inkişafında əvəzolunmaz rolu” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin dəstəyi və "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin təşkilatçılığı Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında gerçəkləşib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx izlənilib.
Sonra tədbirdə çıxış edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov, “Mirvardi Dilbazi Poeziya Məclisi” İB-nin sədri, Kəlağayı muzeyinin direktoru, şair-publisist Güllü Eldar Tomarlı, ,Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Nağdəli Zamanov, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Səadət Buta, şəhid Xansu Qurbanovun anası Yəmən Abbasova, Əməkdar mədəniyyət işçisi aşıq Solmaz Kosayeva, “Mirvarid Dilbazi Poeziya Məclisi”nin idarə heyətinin üzvü aşıq Gözəl Kəlbəcərli, Odlar Yurdu Universiteti Filologiya fakültəsinin tələbəsi Səbinə Məmmədova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan yazıçılarına olan diqqət və qayğısından danışıblar. Qeyd olunub ki, Heydər Əliyevin fəaliyyətinin birinci dönəmində milli əhəmiyyət daşıyan qərarların verilməsi, Azərbaycan yazıçılarının və ədəbiyyatşünaslarının yubiley tədbirlərinin keçirilməsi öz dövrü üçün böyük əhəmiyyət daşımaqla yanaşı, böyük ədəbi hadisəsi idi. Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Ulu Öndər Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət və qayğı göstərib. İstər yazarların, istərsə də ədəbiyyatşünasların dayağı olan Ulu Öndər ədəbiyyata dərindən bələd olub və sözə sevgi ilə yanaşıb.
Sonda aşıqların ifasında saz havaları səsləndirilib.