Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri ABŞ-da təcrübə kursunda olmuşdur
Bakı, 11 aprel (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının kinematikası və dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova “Böyük Qafqazın Azərbaycan hissəsinin seysmik tomoqrafiyası üzrə” təcrübə qazanmaq üçün ABŞ-ın Livermol şəhərində səfərdə olmuşdur.
Respublika Seysmoloji Xidmət Mərkəzi informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, gənc alim Livermol şəhərində yerləşən Lavrens Livermol Milli Laboratoriyasının “Yerin atmosferası və energetikası” şöbəsinin əməkdaşları - Rengin Gok və Robert Mellors ilə birgə seysmik tomoqrafiya yeni üsulun əsasında Yer qabığının sürət qeyri - bircinsliyini öyrənmişdir.
Səfər müddətində S. Kazımova Berkli Universitetinin əməkdaşları Daq Dreqer və Maykl Manqa ilə görüşmüşdür. Görüşdə Moment Tenzor və palçıq vulkanların yeni üsulların analizi müzakirə edilmişdir.
Təcrübə kursu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Üçüncü Mobillik qrantı” layihəsi çərçivəsində təşkil olunmuşdur.