MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanası növbəti metodik vəsaiti istifadəçilərə təqdim edib
![Respublika Uşaq Kitabxanası növbəti metodik vəsaiti istifadəçilərə təqdim edib](/files/2021/2/1200x630/16221847702026416505_1200x630.jpg)
Bakı, 28 may, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının elmi metodika şöbəsi “Azərbaycan və dünya poeziyasının qiymətli incisi - Nizami Gəncəvi” adlı metodik vəsaiti istifadəçilərə təqdim edib.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət olan metodik vəsait Mərkəzi kitabxanaların uşaq şöbələri, Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün nəzərdə tutulub.
Birinci hissə “Bədii sözün tanrısı” adlanır və şairin həyat və yaradıcılığından bəhs edir. “Kamillik zirvəsində dayanan dahi-Nizami Gəncəvi” adlanan ikinci hissədə isə şairin irsini oxuculara daha ətraflı çatdırmaq məqsədilə kitabxanalarda təşkil olunacaq tədbirlərin ssenarisi verilib.
Vəsaitdə Mədəniyyət Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə “Bərpanəşr” layihəsi çərçivəsində uşaqlar üçün nəşr olunan “Xeyir və Şər”, “Simnar”, “Şah və xidmətçi”, “İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi”, “Türküstan gözəlinin hekayəti”, “Fitnə”, “İlin fəsilləri”, “Nuşirəvanla vəzirin və bayquşların söhbəti”, “Kərpickəsən”, “Fitnə və Bəhram şah”, “Mahanın nağılı”, “Məğrib gözəlinin hekayəti”, “Xarəzm gözəlinin hekayəti” elektron kitabları, görkəmli şəxsiyyətlərin Nizami Gəncəvi ilə bağlı söylədiyi fikirlər və kitabxananın fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı da yer alıb.
Aşağıdakı linkdən metodik vəsaitlə yaxından tanış ola bilərsiniz:
https://www.clb.az/azrbaycan-v-dnya-poeziyasnn-qiymtli-incisi-nizami-gncvi_d3173.html