MƏDƏNİYYƏT
Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanmış metodik vəsaitlər istifadəçilərə təqdim edilib
![Respublika Uşaq Kitabxanası tərəfindən hazırlanmış metodik vəsaitlər istifadəçilərə təqdim edilib](/files/2023/1/1200x630/16763715054568855817_1200x630.jpg)
Bakı, 14 fevral, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən hazırlanan Həmidə xanım Cavanşirin 150 illiyi münasibətilə “Ömrünü xalqına, inandığı həqiqətə sərf edən Azərbaycan qadını”, Salam Qədirzadənin anadan olmasının 100 illiyi münasibətilə “Unudulmaz əsərlər müəllifi-Salam Qədirzadə” və Ənvər Məmmədxanlının 110 illiyinə həsr olunmuş “Şəxsiyyətinin ucalığında dayanan sənətkar” adlı metodik vəsaitlər virtual rejimdə istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Salam Qədirzadəyə həsr olunmuş metodik vəsaitdə yazıçının ədəbiyyatımıza olan misilsiz xidmətlərindən, onun yaradıcı həyatından bəhs edilir və ədibin yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim olunur.
“Ömrünü xalqına, inandığı həqiqətə sərf edən Azərbaycan qadını” adlı metodik vəsaitdə görkəmli şəxslərin Həmidə xanım haqqında söylədiyi fikirləri, onun misilsiz xidmətləri, mübarizə dolu həyatından bəhs edilir.
“Şəxsiyyətinin ucalığında dayanan sənətkar” adlı metodik vəsaitdə isə Xalq yazıçısı Ənvər Məmmədxanlının “Ayrıldılar”, “Buz heykəl”, “Ananın ölümü”, “Cənub hekayələri”, “Karvan dayandı”, “Qızıl qönçələr”, “Baş xiyabanda”, “Bakı gecələri”, “Odunçu oğlu”, “Leyli və Məcnun”, “Xürrəmilərin ağ şahini” və s. əsərləri haqqında oxuculara ətraflı məlumat verilir.
Təqdim edilən hər üç vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub.