Respublika Veteranlar Təşkilatı gənclərin hərbi xidmətə hazırlığı ilə bağlı tədbirlər keçirir
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Respublika Veteranlar Təşkilatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovun İkinci Dünya müharibəsi veteranlarının bir qrupu ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin xüsusi əhəmiyyəti var. Hələ keçmiş SSRİ dövründə təməli qoyulmuş bu qarşılıqlı fəaliyyət hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir. İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı fəaliyyət, eləcə də gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, həqiqi hərbi xidmətə hazırlanmaları istiqamətində müvafiq tədbirlərin keçirilməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daim Təşkilatın fəaliyyətinə dəstək olub. Bugünkü görüşün keçirilməsi də bunun əyani sübutudur.
Alman faşizmi üzərində Qələbənin 73-cü ildönümü münasibətilə veteranları təbrik edən Arzu Rəhimov onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb. Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmaları, hərbi xidmətə hazırlanmaları istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirən A.Rəhimov bu işin torpaqlarımızın 20 faizinin Ermənistan hərbi birləşmələrinin işğalı altında olduğu vaxtda xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına Azərbaycan dövləti, xüsusilə Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd edən Xidmət rəisi görüşün məqsədinin də məhz bu, olduğunu bildirib.
A.Rəhimov İkinci Dünya müharibəsində Azərbaycanın cəbhəyə verdiyi əvəzsiz töhfələrdən və Azərbaycan Ordusunun aprel döyüşlərində göstərdiyi şücaətlərdən danışıb.
General-leytenant Arzu Rəhimov Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim edib.
Sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələri təqdim edilib, onlarla hər görüşün əlamətdar hadisə kimi yadda qaldığı vurğulanıb.
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova Azərbaycan dövlətinin veteranlara göstərdiyi diqqət və qayğıya görə veteranlar adından minnətdarlıqlarını bildirib.