ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək
Bakı, 25 iyul (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirəcək.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, imtahan Bakıda 2, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq.
Bakıda 944 namizədin, Naxçıvanda isə 12 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 17 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb.
İmtahan saat 11.00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.
Rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsi bu il martın 30-da keçirilib və 956 namizəd müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək imtahanın II mərhələsinə buraxılıb.
Namizədlər iyulun 19-dan etibarən öz elektron ərizələrinə daxil olaraq “Namizədin imtahana buraxılış vərəqi”ni çap edirlər.
İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri mütləq təqdim etməlidirlər: “Namizədin imtahana buraxılış vərəqəsi”ni; şəxsiyyəti təsdiq edən sənədin əslini.
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 29-dan 31-dək aparılacaq. Namizədlər müəyyən edilən müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.
Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsi iyulun 26-da, II mərhələsi isə iyulun 27-də keçiriləcək.