MƏDƏNİYYƏT
Riqada “İtalyan dili həftəsi” çərçivəsində musiqi və poeziya gecəsi keçirilib
Riqa, 24 oktyabr, AZƏRTAC
Riqada "İtalyan dili həftəsi" (XIX Week of the Italian language in the World) çərçivəsində şəhərin əsas konsert meydançası - Böyük Gildiyanın Ağ salonunda Cakomo Puççiniyə həsr olunmuş ədəbi-musiqili gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə azərbaycanlı musiqişünas Zümrüd Axundova-Dadaşzadə də iştirak edib.
Gecəni İtaliyanın Latviyadakı səfiri Sebastiano Fulçi açaraq dahi bəstəkarın yaradıcılıq yolu haqqında qısa məlumat verib. Daha sonra tanınmış soprano Anta Yankovska bəstəkarın "Manon Lesko", "Bohema", "Toska", "Madam Batterflay", "Canni Skikki", "Qaranquş", "Turandot" operalarından ariyalar səsləndirib. Zümrüd Axundova-Dadaşzadə tədbir zamanı Puççininin "Bohema" operasından ariyanın (Racconta di Mimi) mətnini gələn qonaqlar üçün qiraət edib.
Z.Axundova-Dadaşzadə əməkdaşı olduğu Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası barədə qısa məlumat verərək, təhsil müəssisəsinə adı verilmiş dahi Azərbaycan bəstəkarı barədə də danışıb. O bildirib ki, Üzeyir Hacıbəyli Şərqdə ilk operanın müəllifidir. Azərbaycanlı musiqişünas əlavə edib ki, belə bir tədbirdə iştirak etmək onun üçün önəmli bir təcrübə olub: "Bu, Puççininin opera dünyasına valehedici bir səyahət idi. A.Yankovskaya bir saat ərzində bizi bəstəkarın operalarının bir-birindən gözəl - sevən, sevilən, xəyanətlə qarşılaşan, bəzən zərif, bəzən güclü qadın obrazları ilə görüşdürdü. Sənətkarın operalarını dəfələrlə müxtəlif (Kallas, Freni, Tebaldi, Kabalye, Fleminq, Stratas, Netrebko, bizim Fidan və Xuraman Qasımovalar və s.) ifalarda dinləmişəm. İştirak etdiyim tədbir məni söz və musiqinin əlaqəsi probleminə daha həssas yanaşmağa sövq etdi. Tədbir öncəsi mən bir daha “Miminin ariyası”nı məşhur ifaçıların təfsirində dinlədim və hər birinin sözlə necə fərqli davrandığını anladım. İtaliyanın Latviyadakı səfirliyinə, şəxsən xanım Yeva Baltujeya bizi italyan opera musiqisi ilə qovuşduran bu gözəl layihəyə dəvət etdikləri üçün minnətdarlığımı bildirirəm”, -deyə Zümrüd Axundova-Dadaşzadə vurğulayıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa