Romada Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar aksiya keçirilmişdir
Roma, 26 fevral (AZƏRTAC). “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində Milandan sonra Romada da Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar aksiya keçirilmişdir. Ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) tərəfindən təşkil edilmiş tədbirin məqsədi İtaliya ictimaiyyətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı ilə bağlı məlumatlandırmaq olmuşdur.
Aksiya zamanı yerli sakinlərə və turistlərə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri misilsiz cinayətlər haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Xocalıda 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər Xocalı sakinini qətlə yetirmişlər.
Tədbir çərçivəsində italyan dilində Xocalı soyqırımı ilə bağlı məlumatları əks etdirən 400 buklet və broşür AİGA-nın fəalları və azərbaycanlı tələbələr tərəfindən iştirakçılara paylanmışdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma