Rumıniya karantin qaydalarını gücləndirir və komendant saatı tətbiq edir
Buxarest, 26 oktyabr, AZƏRTAC
Rumıniya hakimiyyəti yeni məhdudiyyətlər, gecə komendant saatı və ictimai yerlərə giriş üçün peyvənd və immunitet sertifikatların təqdim edilməsi ilə bağlı qərar verib. Məktəblilər iki həftəlik tətilə buraxılıb. Bütün bu tədbirlər koronavirusun yayılmasının qarşısını almaq və ölənlərin sayını azaltmaq üçün nəzərdə tutulub. “Biz fəlakətli vəziyyətdəyik. Vaksinlər olmayanda başqa ölkələrin bunu necə yaşadıqlarını görmüşük. Çoxumuz peyvənddən imtina etdiyimiz üçün bu vəziyyətdəyik. Bu vəziyyətin qarşısı alına bilərdi". Bu sözləri daxili işlər nazirinin müavini Raed Arafat deyib.
Yeni məhdudiyyətlər 30 gün ərzində tətbiq olunacaq. Bunlara saat 22:00-dan etibarən vətəndaşların hərəkətinə məhdudiyyətlər, saat 21:00-dan etibarən isə mağaza və restoranların bağlanması daxildir.
Yalnız peyvənd olunmuş və ya koronavirusdan sağalmış insanların əksər ictimai yerlərə girişinə icazə veriləcək. Mağazalara və apteklərə giriş maneəsiz olacaq. İctimai yerlərdə maska taxmaq məcburi olur, toy və digər şənliklər qadağan edilir. Bundan əlavə, bu həftə çox sayda infeksiya və ölüm xəbərləri fonunda peyvənd olunanların sayı artıb. Bir gündə 86 min nəfərdən çox insan peyvəndin ilk dozasını vurdurub ki, bu da ölkə üçün rekord göstəricidir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest