RUMINİYA PREZİDENTİ İON İLİYESKUNUN BƏYANATI
Hörmətli nümayəndə heyətinin üzvləri!
Xanımlar və cənablar!
Buxarestdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlamaq bizim üçün böyük şərəfdir. Azərbaycanla Rumıniya arasında bütün sahələrdə çox yüksək səviyyədə münasibətlər yaranmışdır və əməkdaşlığımız uğurla davam edir.
Bizim aramızda keçirilmiş ikitərəfli görüş bütün sahələri əhatə etdi. Biz həm ikitərəfli münasibətlərə toxunduq, həm də daha geniş səpkidə - regionda və beynəlxalq aləmdə baş verən prosesləri nəzərdən keçirdik. Eyni zamanda, böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ötən həftə Rumıniya ilə Azərbaycan arasında yaradılmış birgə komissiya iqtisadiyyat, elm və mədəniyyət sahəsində çalışaraq yaxşı nəticələr əldə etmişdir. Danışıqlarda Rumıniya Avropa Birliyinə daxil olduqdan sonra və bu ərəfədə iqtisadi münasibətlərin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıldı. Görüşlərin nəticəsi olaraq biz qərara gəldik ki, ölkələr arasında əlaqələr daha intensiv xarakter almalıdır, hökumətlərin, parlamentlərin əməkdaşlığı daha da genişləndirilməlidir. Ən vacibi isə biz xalqlarımız və iş adamları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xüsusi diqqət yetirdik. Qərara alındı ki, iqtisadi münasibətləri mümkün qədər, siyasi münasibətlər səviyyəsinə qaldırmaq lazımdır.
Bu gün imzaladığımız sənədlər, xüsusilə Birgə bəyannamə onu göstərir ki, xalqlarımız arasında əlaqələri genişləndirmək üçün möhkəm iradə vardır. Prezident İlham Əliyev Azərbaycanda və regionda gedən son inkişaf prosesləri barədə bizi məlumatlandırdı. Biz də eyni keçid dövrünü yaşamış ölkəyik və hələ də bu dövrü yaşayırıq. Ona görə də bu dövrün problemlərini, çətinliklərini çox yaxşı anlayırıq. Biz azərbaycanlı dostlarımızla Rumıniyanın bu sahədə qazandığı təcrübəni bölüşməyə hazırıq.
Məlum olduğu kimi, bu il Rumıniyada seçkilər keçiriləcəkdir. Biz Prezident Əliyevlə bu barədə də ətraflı müzakirələr apardıq. Rumıniya üçün çox vacib olan məqam Avropa Birliyinə daxil olmaq, danışıqlardan işə keçməkdir. Bu, bizim strateji məqsədimizdir. NATO-nun üzvü kimi Rumıniyanın yeni statusunu da müzakirə etdik. Biz Prezident İlham Əliyevlə, eyni zamanda, əməkdaşlığımızın digər imkanlarını da geniş müzakirə etdik, habelə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti ətrafında da söhbət apardıq. Belə qərara gəldik ki, bu təşkilatın işinin daha da fəallaşdırılması regionda sülhə, sabitliyə və inkişafa xidmət edir. Məlum olduğu kimi, artıq Konstansa ilə Batumi arasında bərə vasitəsilə kommunikasiyalar vardır. Bizim fikrimiz ondan ibarətdir ki, Azərbaycan da bu kommunikasiyalara qoşulsun və beləliklə, yük daşımalarının həcmini artıraq.
NATO-nun yeni üzvü və Avropa Birliyinin gələcək üzvü kimi Rumıniyanın əsas məqsədi ondan ibarətdir ki, Qara dəniz və Xəzər hövzəsi, Mərkəzi Asiya ölkələri arasında əlaqələr daha da gücləndirilsin. Biz Cənubi Qafqaz ölkələrinin Avropa Birliyinin yeni qonşuluq siyasətinə cəlb olunmasını alqışlayırıq. Bu, həm də Rumıniyanın məqsədidir. Başlıca məqsəd ondan ibarətdir ki, Avropa Birliyi Qara dənizə və ondan sonra Xəzər dənizinə və Şərqə doğru irəliləsin.
Biz qazın nəqli məsələləri üzrə də ətraflı müzakirələr apardıq. Bu barədə təşəbbüs ilk dəfə Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev tərəfindən qaldırılmışdı. Plana əsasən, biz qazın Azərbaycandan Rumıniyaya və buradan Avropa ölkələrinə nəqlini nəzərdə tuturuq. Əslində, bu, qədim İpək yolunun bir hissəsidir.
Biz çox istəyirik ki, Avropa Birliyi Cənubi Qafqazda daha fəal rol oynasın və buradakı dondurulmuş münaqişələrin həllində öz sözünü deyə bilsin. Rumıniya bu bölgədə olan bütün münaqişələrlə bağlı ATƏT-in təşəbbüslərini dəstəkləyir. Eyni zamanda inanırıq ki, Avropa Birliyi də bu təşəbbüsə qoşula bilər. Bundan başqa, Avropa Birliyi iqtisadi məsələlərdə də öz fəallığını artıra və islahatların uğurla həyata keçirilməsi üçün bu ölkələrə kömək edə bilər.
Bizim əsas prioritetimiz sabitliyi qoruyub saxlamaq və Avropa dəyərlərini inkişaf etdirməkdir. Azərbaycan regionda sabitliyə töhfə verə biləcək çox mühüm ölkədir. Rumıniya NATO-nun İstanbul sammitinin qərarlarını da dəstəkləyir və ilk növbədə, düşünürük ki, nəqliyyat və təhlükəsizlik sahəsində Qafqaz və Mərkəzi Asiya ölkələrinə kömək göstərmək zəruridir.
Sonda ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim bütün səylərimiz öz məntiqi nəticəsini verəcək, Azərbaycanla Rumıniya arasında münasibətlər yüksək səviyyədə inkişaf edəcəkdir.