RUMINİYA SENATININ ÜZVÜ İOAN POP DE POPANIN ÇIXIŞI
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev!
Hörmətli Azərbaycan nümayəndə heyətinin üzvləri, əziz dostlar!
İlk öncə, Azərbaycan Prezidenti İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətinin üzvlərini bir daha salamlayır və onlara Rumıniyaya - dost ölkəyə “Xoş gəlmisiniz!” deyirəm.
Hamınızın bildiyiniz kimi, buraya toplaşmağımızın səbəbi Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin büstünün açılış mərasimidir. Bu əlamətdar mərasimdə açılış nitqi ilə çıxış etməkdən çox məmnunam. Rumıniya Prezidenti İon İliyeskunun Azərbaycana rəsmi səfəri zamanı Heydər Əliyevlə ilk şəxsi görüşümə qədər bu insan haqqında çox eşitmişdim. Birincisi, uzun illər Rumıniyanın siyasi həyatında fəal iştirak edən bir senator kimi həm keçmiş sovet respublikalarının həyatında baş verənləri izləyirdim, həm də beynəlxalq aləmdə siyasi mühiti təhlil etmişəm. Daha sonra isə, Rumıniyada Azərbaycanın səfirliyi və sədri olduğum Rumıniya-Azərbaycan Cəmiyyəti fəaliyyətə başladıqdan sonra bu qeyri-adi siyasətçi haqqında daha müfəssəl və dolğun məlumat almağa başladım. Bu görkəmli şəxsiyyətin həyatını və siyasi fəaliyyətini izləyən, onunla şəxsi tanışlığı olan bir insan kimi deyə bilərəm ki, Heydər Əliyev müdrik, uzaqgörən, lazımi anlarda ən düzgün və cəsarətli qərar qəbul etmək bacarığına malik nüfuzlu dövlət xadimi və qeyri-adi insani keyfiyyətləri ilə seçilən şəxsiyyət idi. Heydər Əliyev Rumıniyanın dostu idi.
Rumıniya-Azərbaycan dostluq əlaqələrinin möhkəm təməlinin qoyulmasında və inkişafında bu insanın danılmaz xidmətləri vardır. Məhz onun sərəncamı ilə Şərqi Avropada Azərbaycanın ilk diplomatik nümayəndəliyi Rumıniyada açılmışdır. Büstün postamentində Siz “Azərbaycan xalqının ümummilli lideri” sözlərini görəcəksiniz. Ömrünü təmənnasız olaraq xalqına xidmət etməyi şərəf saydığını dəfələrlə bəyan edən bu görkəmli siyasətçiyə ümummilli lider titulu hələ sağlığında onu sevən xalqı tərəfindən verilmişdir.
Sevindirici haldır ki, Heydər Əliyevin siyasəti xalqın dəstəyi və demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmiş Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün də layiqincə davam etdirilir. Bu düşünülmüş siyasət nəticəsində Azərbaycan inkişaf edir, iqtisadi cəhətdən çiçəklənir, dünyanın demokratik ölkələri sırasında layiqli yerini tutur. Eyni zamanda öz xalqını, dövlətini, cənab Prezident, Sizi bizə yaxından tanıtdıran və sevdirən Azərbaycanın Rumıniyadakı səfirliyinin peşəkar və örnək olacaq səmərəli fəaliyyəti münasibətilə Sizi təbrik edirəm.
Zati-aliləri cənab Prezidentlər!
Əziz dostlar, Buxarest şəhərinin mərkəzindəki gözəl parkların birində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünün açılışı, eyni zamanda, Rumıniyadakı azərbaycanlıların və biz rumınların böyük sevincidir. Tam əminəm ki, ölkəmizdəki türk toplumlarının nümayəndələri də bu sevinci bizimlə bölüşürlər.
X X X
Rumıniya və Azərbaycan prezidentləri mərasimdə nitq söylədilər.