Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Diasporla İş üzrə Dövlət Komitəsində olub
Bakı, 14 may, AZƏRTAC
Rumıniyanın dini məsələlər üzrə dövlət katibi Viktor Opaskinin başçılıq etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olub. Bu barədə AZƏRTAC-a komitədən məlumat verilib.
Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycan diasporunun Avropada və xüsusilə Rumıniyada mövcud durumu barədə məlumat verib. O, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında diasporun rolunu qeyd edib. Komitə sədri Azərbaycan icmalarının yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiya olunmalarına, bu dövlətlərin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakına xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Bu günlərdə dünya azərbaycanlılarının iki mühüm hadisəni - ümummilli lider Heydər Əliyevin 95, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileylərini qeyd etdiklərini deyən Fuad Muradov qazanılan uğurların ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasəti nəticəsində mümkün olduğunu bildirib.
Dini məsələlər üzrə dövlət katibi Viktor Opaski ölkəmizə səfər etməsindən məmnun olduğunu bildirib. O, dünyanın bir çox ölkələrində yaşayan çoxsaylı rumın diasporu haqqında, onların təşkilatlanması, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası barədə məlumat verib. Dövlət katibi ölkəsində bir çox etnik azlıqların yaşadığını və onların fəaliyyəti üçün dövlət tərəfindən münbit şəraitin yaradıldığını da qeyd edib.
O, eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə maraqlanaraq, Azərbaycanın bu sahədə mövcud təcrübəsinin öyrənilməsinin vacibliyini bildirib.