ELM VƏ TƏHSİL
RUS DİLİ VƏ ƏDƏBİYYATININ TƏDRİSİ PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ ELMİ PRAKTİKİ SEMİNAR KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 19-da Beynəlxalq Mətbuat Mərkəzində Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzi, Azərbaycanın rus icması və “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Rus dili və ədəbiyyatının tədrisi problemləri” mövzusunda elmi praktiki seminar keçirilmişdir.
Seminarı assosiasiyanın sədri, professor Həsən Quliyev açaraq bildirmişdir ki, tədbir təhsilə həmişə böyük qayğı göstərmiş ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi ərəfəsində keçirilir. Professorların və ədəbiyyat xadimlərinin toplaşdığı seminar ulu öndərin xatirəsinə həsr olunmuşdur.
O demişdir ki, məktəblərdə rus dili və ədəbiyyatının tədrisi ilə bağlı mövcud problemlərin çoxunu təcili həll etmək lazımdır. Ədəbiyyatı insan tərbiyəsinin təməl daşı sayan H.Quliyev vurğulamışdır ki, qaldırılan məsələlərin həllinə tam məsuliyyətlə və yaradıcı yanaşılmalıdır.
Bakı Slavyan Universitetinin professoru, əməkdar müəllim Çingiz Bədəlov “Azərbaycanda rus dilinin öyrənilməsi nəzəriyyəsi və təcrübəsinin aktual problemləri” mövzusunda məruzə etmişdir. Məruzədə ali və orta məktəblərdə linqvososiomədəniyyət metodundan istifadə edilməsindən, rus dili dərslərinin modernləşdirilməsi sistemindən danışılmışdır.
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Aqil Hacıyev, Aleksandr Xakimov və başqaları ali məktəblərdə rus ədəbi tənqidinin tədrisi məsələlərinə toxunmuş, ədəbiyyat dərsliklərinin tərtib olunmasının, Azərbaycanda rus dili tədrisinin bəzi xüsusiyyətlərindən danışmışlar.