MƏDƏNİYYƏT
Rus evində görkəmli bəstəkar Aleksandr Darqomıjskinin 210 illiyi qeyd edilib
Bakı, 16 fevral, AZƏRTAC
Bakıdakı Rus evində görkəmli bəstəkar Aleksandr Darqomıjskinin 210 illiyinə həsr edilmiş konsert olub.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətində bildiriblər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakinanın tərtib etdiyi konsert proqramına bəstəkarın Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, Lalə Muxtarova, Dilarə Kərimova, Ülviyyə Əliyeva, Fərhad Ələkbərov, Ruslan Persan, Kamilla İmanova, Əminət Əhmədova və Atifə Qarabağinin ifa etdikləri əsərləri daxil edilib.
Konsertdə diplomatik korpusun nümayəndələri, yaradıcı ziyalılar iştirak ediblər.
Aleksandr Darqomıjski musiqidə realistik janrın əsasını qoymuş rus bəstəkarıdır. Onun şah əsəri - “Su pərisi” yeni janrın - xalq-məişət psixoloji musiqi dramının başlanğıcı olub. Darqomıjski musiqiyə ilk dəfə sosial bərabərsizlik mövzusunu gətirib.