DÜNYA
RUSİYA GÜNƏŞ İSTİQAMƏTİNƏ PEYK BURAXACAQDIR
Bakı, 2 iyul (AZƏRTAC). Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun (KTİ) direktoru akademik Lev Zelyonı bildirmişdir ki, 2015-ci ildən sonra Günəşin yaxın məsafədən tədqiqi məqsədi ilə Rusiyanın yeni “İnterheliozond” elmi layihəsi həyata keçirilə bilər.
O demişdir: “İnterheliozond” layihəsi” Günəşin Yerətrafı orbitdən deyil, ona yaxın məsafədən tədqiqidir. Layihə artıq Rusiyanın Federal Kosmik proqramına daxil edilmişdir və bununla bağlı iş aparılır. Peykin uçuş trayektoriyasının detalları nəzərdən keçirilir. Layihə keyfiyyətcə yeni Günəş ölçmələrini əldə etməyə imkan verəcəkdir. Axı, Yer kürəsi yaxınlığında hazırda beş və ya altı kosmik aparat işləyir, Günəşin yaxınlığında isə heç bir kosmik aparat yoxdur”.
Lev Zelyonının sözlərinə görə, Günəşin yaxın məsafədən tədqiqinə dair hələlik analoji xarici layihələr yoxdur. Layihə 2015-ci ildən sonra və ola bilsin ki, bir qədər də gec reallaşacaqdır. Rusiyada Günəş tədqiqatları proqramı vacibdir, lakin bu tədqiqatlar yeganə olmamalıdır.
“İnterheliozond” layihəsi çərçivəsində “Soyuz-2” raket daşıyıcısı vasitəsilə xüsusi yaradılmış kosmik aparatın orbitə çıxarılması və Günəşdən bir neçə on milyon kilometr məsafəyə göndərilməsi planlaşdırılmışdır.
Kosmik aparat peykin bütün uçuş mərhələlərində fəaliyyəti üçün vacib olan xidmət sistemləri ilə təchiz edilmiş orbit-uçuş modulundan, istilikqoruyucu ekrandan və Günəşə uçuş mərhələsində dəqiqləşmənin təmin edilməsi üçün vacib olan hərəkət qurğusundan ibarət olacaqdır.
Peyk Günəşə qədər 30-40 radius məsafədən Günəşi və Günəşətrafı mühiti öyrənəcəkdir. Peyk həmçinin, Günəşin aktiv təzahürlərini və bununla bağlı effektləri, Günəş tacını və “Günəş küləyini”, Günəşin qütb sahələrini və heliomühitini tədqiq edəcəkdir.