RUSİYA HÖKUMƏTİNİN YENİ STRUKTURU TƏSDİQ EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiyanın Baş naziri Vladimir Putin hökumətin yeni strukturunu elan etmişdir. Ölkənin sabiq Baş naziri Viktor Zubkov və Prezidentin keçmiş köməkçisi İqor Şuvalov yeni kabinetin başçısının birinci müavinləri təyin olunmuşlar. Prezident Administrasiyasının sabiq başçısı Sergey Sobyanin Baş nazirin müavini, Nazirlər Kabineti aparatının rəhbəri olmuşdur. Administrasiya rəhbərinin sabiq müavini İqor Seçin də Baş nazirin müavini təyin olunmuşdur.
Struktur dəyişikliklərinə əsasən, Baş nazirin sabiq müavini, hökumət aparatının rəhbəri Sergey Narışkin Rusiya Prezidenti Administrasiyasına başçılıq edəcəkdir.
Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsini Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq rəhbəri Nikolay Patruşev, Rusiya FTX-nin yeni rəhbəri vəzifəsini isə həmin qurumun İqtisadi Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Aleksandr Bortnikov tutacaqlar.
Baş nazirin müavinləri Aleksandr Jukov, maliyyə naziri Aleksey Kudrin yeni hökumətdə öz vəzifələrini saxlamışlar. Baş nazirin birinci müavini Sergey İvanov öz statusunu itirmiş, Baş nazirin müavini olmuşdur. Xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Anatoli Serdyukov, daxili işlər naziri Rəşid Nurqaliyev, səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova, təhsil və elm naziri Andrey Fursenko, kənd təsərrüfatı naziri Aleksey Qordeyev, regional inkişaf naziri Dmitri Kozak, təbii ehtiyatlar və ekologiya naziri Yuri Trutnev, nəqliyyat naziri İqor Levitin öz vəzifələrində qalmışlar. Əvvəllər İqtisadi İnkişaf və Ticarət Nazirliyinə başçılıq etmiş Elvira Nabiullina iqtisadi inkişaf naziri təyin edilmişdir.
Rusiya Prezidentinin Provoljsk Federal Dairəsi üzrə sabiq səlahiyyətli nümayəndəsi Aleksandr Konovalov Vladimir Ustinovun yerinə ədliyyə naziri, Prezident protokolunun sabiq başçısı İqor Şoqolev rabitə və kütləvi kommunikasiyalar naziri, RF-nin Fransadakı sabiq səfiri Aleksandr Avdeyev mədəniyyət naziri təyin olunmuşlar. Energetika məsələləri ilə ayrıca nazirlik məşğul olacaqdır və bu nazirliyə “Atomstroyeksport”un sabiq prezidenti Sergey Şmatko başçılıq edəcəkdir. Ticarət sahəsində dövlət siyasətini Viktor Xristenkonun başçılıq edəcəyi yeni Sənaye və Ticarət Nazirliyi həyata keçirəcəkdir.
Bununla yanaşı, daha bir yeni nazirlik - İdman, Turizm və Gənclər Siyasəti Nazirliyi yaradılmışdır ki, ona da Rusiya Futbol İttifaqının sabiq başçısı Vitali Mutko başçılıq edəcəkdir.
Federal Sənaye Agentliyi, Federal Tikinti və Mənzil Kommunal Təsərrüfatı Agentliyi, Federal Səhiyyə Agentliyi, Federal Energetika Agentliyi, eləcə də Federal Aeronaviqasiya Agentliyi ləğv edilmiş, onların funksiyaları müvafiq nazirliklərə verilmişdir.