RUSİYA İRANIN TAM NÜVƏ SİLSİLƏSİ YARATMAQ FƏALİYYƏTİNİ PİSLƏYİR
Rusiya XİN-in rəsmi nümayəndəsi Mixail Kamının agentliyin müxbirinə bildirmişdir ki, İranın tam nüvə silsiləsi yaratdığı barədə Prezident Mahmud Əhmədinejadın bəyanatını Moskvada narahatlıqla qarşılamışlar.
Kamının BAEA-nın baş katibi Məhəmməd əl-Baradeyinin Tehrana səfərini dəstəklədiyini söyləyərək demişdir: “Ümidvarıq ki, İran dünya birliyinin narahatlığını başa düşəcək və BAEA qərarlarının əməli surətdə yerinə yetirilməsi üçün tədbirlər görəcəkdir. Bu qərarlar İranı uranın saflaşdırılması üzrə bütün işləri, o cümlədən elmi tədqiqatları dayandırmağa çağırır”.
Xəbər verildiyi kimi, aprelin 11-də İran prezidenti bəyan etmişdir ki, ölkənin alimləri “tam nüvə silsiləsi yaratmağa və uranı atom elektrik stansiyası üçün yanacaq istehsalından ötrü kifayət səviyyədə saflaşdırmağa müvəffəq olmuşlar”. Bununla da İran “nüvə texnologiyalarına malik ölkələr birliyinə qoşulmuşdur”. Əhmədinejad Qərb ölkələrini “İranın dinc atom energetikası yaratmaq hüququna hörmət etməyə” çağırmışdır.
İran Atom Enerjisi Təşkilatının başçısı Qulamrza Ağazadə bildirmişdir ki, ilin sonunadək Tehran öz nüvə proqramının inkişafı çərçivəsində üç minədək sentrifuqanı işə salacaqdır.
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon MakKormak hesab edir ki, İranın bəyanatı “dünya birliyinə yenidən meydan oxumaq deməkdir”. O vurğulamışdır ki, uranın saflaşdırıldığı barədə Tehranın bəyanatının doğru-düzgünlüyünü texniki baxımdan təsdiqləyə bilməz. Lakin, onun sözlərinə görə, aydındır ki, İran əməkdaşlıq yolu əvəzinə yenə də “tabe olmamaq yolu tutmuşdur”. Beləliklə, BMT Təhlükəsizlik Şurası “götür-qoy etmək üçün daha bir dəlil-sübut” almışdır.
İsrail kəşfiyyatının fikrincə, İran “nüvə klubu”na hələ tamamilə daxil olmayıb, lakin 2009-cu ilədək nüvə bombası yarada bilər.