MƏDƏNİYYƏT
Rusiya nümayəndə heyətinin üzvləri Rus Kitabı Evinə ədəbiyyat hədiyyə etmişlər
Bakı, 29 iyun (AZƏRTAC). “Rusiya-Azərbaycan dialoqu-2012” üçüncü Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Bakıda səfərdə olan Rusiya nümayəndə heyətinin üzvləri Rus Kitabı Evində olmuşlar.
AZƏRTAC xəbər verir ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini Aleksey Vlasov Rus Kitabı Evinə fakültənin nəşr etdirdiyi dərsliklər və elmi ədəbiyyat hədiyyə etmişdir. Kitablar arasında “Moskva Universitetinin salnaməsi”, Sergey Karpovun “Vizantiya imperiyası” silsiləsindən “Trapezund imperiyasının tarixi”, “Postsovet məkanında biznesdə sosial məsuliyyət. Rusiya və Azərbaycan”, Yefim Pivovarın “Mehriban qonşuluğun və strateji tərəfdaşlığın möhkəmləndirilməsi” və digərləri vardır.
MDU-nun tarix fakültəsinin dekanı, akademik Sergey Karpovun məktubunda deyilir: “Bakıdakı Rus Kitabı Evi 2009-cu ildə açıldığı vaxtdan Azərbaycan torpağında rus mədəniyyətinin, tarixinin və dilinin qorunub saxlanması və təbliği istiqamətində mühüm rol oynayır.”
S.Karpov ümidvar olduğunu bildirmişdir ki, MDU-nun Azərbaycan humanitar mərkəzləri ilə əməkdaşlığı ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına əhəmiyyətli töhfə verir.