MƏDƏNİYYƏT
RUSİYA PREZİDENTİ VLADİMİR PUTİN GÖRKƏMLİ HƏMYERLİMİZİ YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK ETMİŞDİR
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin görkəmli həmyerlimiz, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Lenin mükafatı və SSRİ Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Kərim Kərimovun 85 illiyi münasibətilə noyabrın 15-də ona təbrik teleqramı göndərmişdir.
Teleqramda deyilir: “Hörmətli Kərim Əliyeviç! Sizi 85 illiyiniz münasibətilə ürəkdən təbrik edirəm. Siz bütün ömrünüzü ölkəmizin fəxri olmuş və olan kosmik raket sənayemizin inkişafına həsr etmisiniz. Möhtəşəm kosmik startlar və irimiqyaslı layihələr xeyli dərəcədə Sizin şəxsi töhfəniz sayəsində baş tutmuşdur. Rusiya kosmonavtikasının bugünkü uğurları üçün möhkəm təməl qoyulmuşdur. Hörmətli Kərim Əliyeviç, Sizə və doğmalarınıza möhkəm cansağlığı və firavanlıq arzulayıram”.
General-leytenant Kərim Kərimov 1941-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş, SSRİ Silahlı Qüvvələrində mühüm vəzifələrdə çalışaraq, kosmik raket texnikası sahəsində işlərin təşkilatçılarından olmuşdur. 1943-cü ildə Dzerjinski adına Artilleriya Akademiyasını bitirdikdən sonra SSRİ Müdafiə Nazirliyinin aparatında işləmiş, 1945-46-cı illərdə Almaniyada xüsusi texnika komissiyasının tərkibində qənimət alınmış raket texnikasını öyrənmiş, telemetrika qrupunun rəhbəri olmuşdur. Kərim Kərimov sonralar Raket Qoşunları Baş İdarəsinin rəisi işləmiş, kosmik tematika üzrə işlərə rəhbərlik etmişdir. 1965-ci ildən Ümumi Maşınqayırma Nazirliyində Baş İdarə rəisi, eyni zamanda 25 il ərzində pilotlu kosmik gəmilərin, orbital stansiyaların və planetlərarası avtomat stansiyaların uçuşlarının hazırlanması və həyata keçirilməsi üzrə Dövlət Komissiyasının sədri olmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva